Son illər paytaxtımızın sərnişindaşıma sistemində əsaslı dəyişiklik olub. Xüsusilə Bakı Nəqliyyat Agentliyi yaranandan sonra bu sistemdə böyük irəliləyiş olduğunu qeyd etməmək insafsızlıq olar.
Ancaq sərnişindaşıma elə bir sahədir ki, burada tamamilə problemin olmaması mümkünsüzdür. Çünki, bu sistem 5-10 nəfər insana deyil, yüz minlərlə vətəndaşa xidmət edir.
Bakının mərkəzi hissəsində fəaliyyət göstərən əksər marşrutlar insanlara kifayət qədər yaxşı xidmət göstərsə də, ətraf qəsəbə və bu qəsəbələrdən ən yaxın metrostansiyalara işləyən marşrutlarda hələ də bir çox neqativ hallar müşahidə olunmaqdadır. Ancaq yenə də insafən qeyd etməliyik ki, bu istiqamətdə də müəyyən irəliləyiş var, aparılan islahatlar davam etməkdədir.
Bəzi marşrut avtobuslarında bayağı musiqilər səsləndirirlər…
Mövzumuz isə bəzi marşrut avtobuslarında sərnişinlərin narazılığına baxmayaraq, sürücülər tərəfindən qoşulan mahnılar haqqındadır. Belə hallara əsasən Bakı ətrafı qəsəbələrdə fəaliyyət göstərən, Sumqayıtdan və digər şəhərlərdən paytaxta sərnişinlər gətirən avtobuslarda rast gəlmək olur. Əksər belə marşrutlarda ara mahnıları adlandırılan bayağı musiqilər səsləndirirlər ki, bu da sərnişinlər arasında etiraza səbəb olur və sürücü ilə mübahisələrə, bəzən isə davaya gətirib çıxarır. Özünü mübahisə etməkdən saxlaya bilən bir çox insanlarda isə belə hallar əsəb, stress, gərginlik, aqressiya kimi psixoloji problemlər yaradır.
Qanunlar nə deyir?
Öncə marşrut avtobuslarında musiqi qoşulması haqqında qanunların nə dediyinə nəzər yetirək. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AutoCity.az saytına açıqlamasında bildirdi ki, bu hallar tamamilə qanuna ziddir: “Müntəzəm marşrut xətlərdə avtobuslarda audio cihazların istifadəsi qadağandır. Məlumatlandırma və maarifləndirmə xarakterli məlumatların səsləndirilməsi isə istisnadır”.
Qanundan kənar hərəkət edənlər cəzalandırılırlar…
Sərnişindaşıma avtobuslarında musiqi qoşan sürücülər qanundan kənar hərəkət etdikləri üçün sərnişinlərin şikayəti əsasında cəzalandırıla bilərlər. Dəfələrlə BNA-nın sərnişin daşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı şirkətlərinin rəhbərlərini və sürücülərini cəzlandırdığının, hətta sürücünün işdən azad oldunduğunun və ya daşıyıcı şirkətdən həmin xəttin alındığının şahidi olmuşuq.
Qanundan kənar, neqativ hallar müşahidə edildiyi zaman 141 nömrəli çağrı mərkəzinə məlumat vermək kifayətdir. Belə hallar aşkar olunanda sübut etmək üçün mobil telefonunuzla çəkdiyiniz videonu, marşrut avtobusunun üzərindəki eyniləşdirmə nömrəsini və ya dövlət qeydiyyat nişanını BNA-nın e-mail ünvanına göndərə bilərsiniz.
“Belə hal insan psixologiyasında ciddi fəasadlar yarada bilər”
Marşrut avtobuslarında baş verən bir çox neqativ hallar qəzaya səbəb ola bildiyi halda, bayağı mahnıların qoşulması insanlara mənəvi zərbə vurur.
Bu vəziyyətin yaratdığı psixoloji problemi öyrənmək üçün Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova ilə əlaqə saxladıq. Psixoloq AutoCity.az-a açıqlamasında bu halın insan psixologiyasında ciddi fəasadlar yarada biləcəyini vurğuladı: “Musiqi ruhun qidasıdır. Deyirlər ki, zövqlər və rənglər müzakirə edilmir. Ancaq bəzən elə yerlər olur ki, həqiqətən müzakirəyə ehtiyac yaranır. İctimai yerlərdə, habelə sərnişin avtobuslarında eşitdiyimiz bayağı müsiqilər insan psixologiyasına fərqli təsirlər göstərir. Nəzərə almaq lazımdır ki, marşrut avtobusunda hər bir insan ayrı psixoloji durumda olur. Fərqli xarakterlərin fərqli xüsusiyyətləri olur. İnsanlar evlərindən çıxanda müəyyən problemləri düşünə bilərlər. Belə insanlar bu cür hallarda daha çox əsəb, stress, aqressiya yaşayır. Bu da onlarda gün boyu psixoloji problemlər yaradır. Bu problemlər insanların işlərinə, rəhbərliklə, işçilərlə, digərləri ilə münasibətlərinə birbaşa təsir göstərir. Belə insanlar aqressiv olur və digərləri ilə dava etməyə başlayırlar”.
“Yaranan psixloji problemlər cinayətə qədər gedib çıxa bilər”
Hər kəsin zövqünün fərqli olduğunu qeyd edən mütəxəssis bəzən marşrut sürücüsünün özünü motivasiya etmək üçün müəyyən mahnılara qulaq asdığını, ancaq bunun doğru addım olmadığnı dedi: “O da bir şəxsiyyətdir və öz zövqü var. Ancaq bu, mahnılar sərnişinləri qıcıqlandıra, onlarda aqresivlik yarada bilər. Ona görə sürücü belə hallara yol verməməlidir. Meyxanalar, ara musiqilərini hər insan sevmir. Marşrut avtobuslarında məhz belə mahnılara üstünlük verirlər. Buradan yaranan aqressivlik gün ərzində insanda elə psixloji problemlər yaradır ki, hətta cinayətə qədər gedib çıxa bilər.
Əslində səhərlər işə gedəndə elə musiqi dinlənilməlidir ki, insanın zövqün oxşasın, onu motivasya etsin, ruhlandırsın. Eyni musiqi də hamının zövqüncə ola bilməz. Ona görə bu, fərdi xarakter daşımalıdır.
Elə praqmatik, soyuqqanlı insanlar var ki, qulaq asdıqları musiqiləri digərləri başa düşmür. Digərləri də həmin insanın ruh halını empatiya etməyə məcbur olur”.
“Marşrut avtobuslarında, ümumiyyətlə musiqi qoşulmamalıdır”
Psixoloq bildirdi ki, bütün bunları nəzərə alaraq, marşrut avtobuslarında, ümumiyyətlə musiqi qoşulmamalıdır. Onun sözlərinə görə, belə halda nə sürücü, nə də sərnişinlərdə arqessivlik yaranmaz. Sürücünün də çox məsuliyyətli işlə məşğul olduğunu xatırladan mütəxəssis onun aqressiya yaşamasının pis hadisələrlə nəticələnə biləcəyini vurğulayıb.
Nəinki avtobus sürücüləri, bütün peşə sahibləri öz işlərinə məsuliyyətlə yanaşsalar, insanlarda gərginlik, aqressivlik də azalar. Çünki peşə sahiblərinin çoxu məhz insanlarla işləyir və onların məsuliyyətsiz davranışı ilk növbədə qarşı tərəfə - yəni insanlara ziyan vurur.
Elgün Vidadioğlu