Fərid Qayıbov: "Bizim də dünya çempionumuz olacaq" - FOTOLAR - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Avtomobil Federasiyası ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkil etdiyi “Red Bull Car Park Drift” çempionatını izləyib. 

Autoinfo.az-ın məlumatına görə, nazir yarışın fəxri qonağı olan dünya şöhrətli livanlı driftçi Abdo Feqalinin idarə etdiyi avtomobilə sərnişin qismində əyləşib. Feqali müxtəlif tryukları yerinə yetirərək, tamaşaçıların alqışlarını qazanıb. 

Nazir belə bir təcrübədən böyük həzz aldığını söyləyib: "O mənə əvvəlcədən dedi ki, çox təhlükəsiz olacaq. Açığı, bu, özüm üçün də maraqlı idi. Həqiqətən çox da təhlükəli deyildi. Ola bilsin, bu, çox peşəkar və dünya çempionu olmasından irəli gəlir. Hamınıza minnətdaram ki, bu gün gələrək, dəstək oldunuz. Təşkilatçılara belə bir tədbirə görə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, bu cür tədbirlərin sayı çox olsun. 2023-cü ildə də bu yarışın Bakıda keçirilməsini istərdim".

Qayıbov drift yarışmasının xüsusən gənclərin böyük marağına səbəb olduğunu vurğulayıb: "Bunu tribunalara baxanda idmana təsirini görmək olur. Gördüyünüz kimi, burada nə qədər gənc var. Bura gələrkən, xeyli avtomobil gördükdə təəccübləndim ki, bu idman növü beləmi populyardır? Ölkəmizdə gənclər arasında bu tipli yarışlara böyük maraq var. Hazırda yarışa tamaşaçı qismində gələnlərin arasında gənclər üstünlük təşkil edir. Doğrudan da populyar idman növüdür. İstərdik ki, şəraiti bir qədər təkmilləşdirək. Bu istiqamətdə çalışırıq. Bu barədə Anar Ələkbərovla da söhbət etdik. Federasiyanın müəyyən planları var. Buna qədər də işlər görülüb, yenə müəyyən işlər görüləcək. Düzdür, bir ara pandemiya mane oldu. Amma belə tədbirlər bu idman növünü populyarlaşdırır. Əl-ələ verərək, bərabər çalışacağıq".

Nazir Azərbaycan driftçilərinin də Feqali səviyyəsinə çatmalarını arzulayıb: "Elə öz idmançılarımızın da yarışma bacarığını gördük. İstərdik ki, o səviyyəyə gəlib çatsınlar. Bunun üçün təcrübə lazımdır. Təcrübə isə belə yarışlarda yaranır. İnanıram ki, bir gün bizim də dünya çempionumuz olacaq və onunla bərabər drift edəcəyik".

Qeyd edək ki, qalib adını Adil Axundov qazanıb. O, dekabrda Səudiyyə Ərəbistanda keçiriləcək “Red Bull Car Park Drift” dünya çempionatında Azərbaycanı təmsil edəcək. Mundiala 25 ölkə qatılacaq. Pərviz Əzizov 2-ci, Rauf Dadaşzadə 3-cü yeri tutub. Onları Fərid Qayıbovla Anar Ələkbərov mükafatlandırıb.

 

  • Fərid Qayıbov: "Bizim də dünya çempionumuz olacaq"- FOTOLAR - VİDEO
  • Fərid Qayıbov: "Bizim də dünya çempionumuz olacaq"- FOTOLAR - VİDEO
  • Fərid Qayıbov: "Bizim də dünya çempionumuz olacaq"- FOTOLAR - VİDEO

RƏY BİLDİRİN