Ferstappen əsas rəqiblərinə söz atdı

"Red Bull" komandasında ikiqat dünya çempionu Maks Ferstappen "Formula 1"də uzun müddət qalmayacaq. 

Autoinfo.az-ın məlumatına görə, 25 yaşlı pilot komanda ilə 2028-ci ilədək müqaviləsinin olduğunu xatırladıb. 

O, özünü 40 yaşınadək sükan arxasında görmədiyini açıqlayıb: "Hazırkı müqaviləmin bitəcəyi 31 yaşımdan sonra da yarışlara qatıla bilərəm. Amma son nəticədə özümü 40 yaşımda sükan arxasında görmürəm. Çünki başqa işlərlə məşğul olmaq istəyirəm. Hazırkı məşğuliyyətimdən böyük zövq alıram və "Formula 1"də hələ bir neçə ilim də var. 2028-ci ildən sonrası isə şərtlərdən asılı olacaq. Ola bilsin, özümü digər yarışlarda da sınadım. Çünki bu, çox vacibdir". 

Ferstappen 2023 mövsümündə onu "Ferrari" ilə gərgin mübarizənin gözlədiyinə də ümidvar olduğunu bildirib: "Maşınlarımızın mövsüm ərzində sürətdə nə qədər yaxın olduqları baxımından yanaşsaq, komandamızın bu qədər üstünlüyünü görmək təəccüblüdür. Amma yarışlar vaxtı baş verənlərə nəzər yetirəndə vəziyyət aydınlaşır. Amma istənilən halda sıx mübarizə xoşuma gəlir. Ümidvaram ki, bu, gələn mövsüm baş verəcək". 

Qeyd edək ki, Maks Ferstappen ikiqat dünya çempionluğunu ötən həftəsonu Yaponiya Qran Prisində vaxtından əvvəl qazanıb. "Formula 1"in ən titullu pilotlarından Mixael Şumaxer karyerasını 43 yaşında - 2012-ci ildə başa vurub, Lüis Hemilton isə hazırda 37 yaşında çıxışını davam etdirir. Bu mövsüm ən yaşlı pilot isə "Alpine" komandasından Fernando Alonsodur. İkiqat dünya çempionunun 41 yaşı var. 

RƏY BİLDİRİN