Bakıda "Formula 2" də keçiriləcək

"Bu yarışı keçirməyə nə qədər iddialı olsaq da, pandemiya dönəmində əminliklə danışmaq mümkün deyil".

Autoinfo.az-ın məlumatına görə, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib.

O bildirib ki, Azərbaycan Qran-prisini mövsümün ən yaxşı yarışı kimi təşkil etməyə iddialıdırlar: "Təşkilatçılar bütün tədbirləri görürlər ki, azarkeşlərə televiziya vasitəsilə lazımi görüntüləri təqdim etsinlər. Yarış azarkeşsiz olsa da, medianın fəaliyyəti artıb. Çünki "Formula 1"sevərlər yarış barədə onlardan məlumat alır. Hansısa yarışda yubanma və dayanma olsa belə, Qran-pri 3 saata bitməlidir. Əvvəllər hansısa yarış 4 saatadək çəkib".

BŞH rəsmisi Bakıda "Formul 1"lə yanaşı, "Formula 2" yarışının da olacağını diqqətə çatdırıb: "Bəzən Bakıdakı Qran-prilərdə bu olmurdu. Amma bu mövsüm gerçəkləşəcək".

Nəcəf-Ağayeva bəzi Qran-prilərin ləğv edilməsinə rəğmən, Azərbaycandakı yarışın təqvimdə yerini qorumasını sevindirici hal adlandırıb.

O, Azərbaycan Qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib: "Hazırkı müqavilə 2024-cü ildə bitəcək: "Formula -1 rəhbərliyi ilə münasibətlər normal qaydadadır. Yeni sözləşmə barədə danışmaq tezdir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

RƏY BİLDİRİN