14 yaşlı kartinq pilotu ilə görüş olacaq

Su İdmanı Sarayı ərazisindəki Bakı Şəhər Kartinq Mərkəzində 14 yaşlı azərbaycanlı kartinq pilotu Cəmil Həsənli Rocers ilə görüş keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AutoCity.az-a verilən məlumata görə, görüş dekabrın 28-də təşkil olunacaq. 

Artıq 6 ildir ki, Cəmil Həsənli Rocers kartinq fəaliyyəti ilə peşəkarcasına məşğul olur. İlk dəfə podiuma 12 yaşında çıxan Həsənli hər ötən il daha yaxşı nəticələr ortaya qoyur. Bu il onun karyerasında ən uğurlu il olub. Həsənli güclü rəqabət şəraitində “Super One, British Karting & BNL (Belçika) Çempionatları”nda ən sürətli pilotlar arasında yer alıb. O, “Super One” çempionatının 8 yarışından 5-də qaliblər podiumuna yüksələrək bu çempionatı ümumi hesabla 3-cü yerdə başa vurub. "Formula 1" hədəfinə yönələn Cəmil gücünü daha böyük yarışlarda sınamaq istəyir.

Qeyd edək ki, görüşdə Cəmil Həsənli Rocers kartinqlə bağlı təcrübələrini, o cümlədən iştirak etdiyi beynəlxalq yarışlara dair təəssüratlarını bölüşəcək. 

RƏY BİLDİRİN