“Peugeot” və “Fiat Chrysler” birləşir

Avtomobil istehsalçıları “PSA Group” (Peugeot-Citroen) və “Fiat Chrysler Automobiles” (FCA) birləşməni tamamlayıb, birləşdirilmiş şirkət “Stellantis NV” adlanır.

Autoinfo.az xəbər verir ki, bu barədə “Stellantis”in press-relizində deyilir.

Qeyd olunur ki, “Stellantis”in səhmləri Parisdəki “Euronext” və Milandakı “Mercato Telematico Azionario” birjalarında yanvarın 18-dən, Nyu-York Fond Birjasında isə yanvarın 19-dan ticarət olunmağa başlayacaq.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayının sonunda FCA və PSA-nın direktorlar şuraları yekdilliklə biznesin birləşdirilməsi üzərində işləmək barədə razılığa gəliblər və 2019-cu ilin dekabr ayının ortalarında şirkətlər paritet əsasda birləşmə barədə müqavilə imzalayıblar. Bu il yanvarın 4-də isə FCA və PSA-nın səhmdarları birləşməyi təsdiqləyiblər.

“Fiat” 1899-cu ildə yaradılıb və “Fiat”, “Lancia”, “Alfa Romeo”, “Abarth”, “Ferrari” və “Maserati” brendləri altında avtomobillər istehsal edir. PSA (əvvəlki adı PSA Peugeot-Citroen) isə Avropada “Volkswagen AG”dən sonra ikinci ən böyük minik avtomobili istehsalçısıdır. Qərargahı Parisdə yerləşən konsern 1976-cı ildə “Peugeot” tərəfindən “Citroen”in səhmlərinin 90%-nin alınması ilə yaradılıb.

RƏY BİLDİRİN