Ralli üzrə 7 qat dünya çempionu

"Toyota" komandasının sürücüsü Sebstyen Ojyo klassik ralli (WRC) üzrə dünya çempionatının qalibi olub.

Autoinfo.az-ın məlumatına görə, fransalı idmançı çempionluğa İtaliyanın Montsa şəhərində yiyələnib. O, həlledici mərhələdən öncə britaniyalı komanda yoldaşı Elfin Evansdan 14 xal geri qalaraq, ikinci yerdə gedib. Lakin Montsa rallisində Evans səhvə yol verərək, xal zonası hüdudlarından uzaqda qalıb. 32 yaşlı idmançı yalnız "power stage"də 3 xalla 3-cü yeri tutub. Ojyo isə finişə birinci çataraq, ümumi sıralamada əsas rəqibini geridə qoyub.

Montsa rallisində estoniyalı Ott Tyanak ("Honda") ikinci, onun ispaniyalı komanda yoldaşı Dani Sordo üçüncü yeri tutub.

Beləliklə, koronavirus pandemiyası üzündən 7 mərhələyə endirilmiş təqvimin yekununda Ojyo 122 xalla birinci, Evans 114 xalla ikinci, Tyanak 105 xalla üçüncü olub.

Qeyd edək ki, Sebastyen Ojyo 7 qat dünya çempionluğu qazanmaqla yanaşı, finlandiyalı Yuha Kankkunendən sonra üç müxtəlif maşın markasında qalib gələn ikinci sürücü kimi tarixə düşüb. Fransalı idmançı titul sayında yalnız həmyerlisi, 9 qat dünya çempionu Sebastyan Löbdən geri qalır. Ojyo 2008-ci ildən çıxış etdiyi WRC-də 156 rallinin 49-dan qalib ayrılıb.

RƏY BİLDİRİN