Hemilton Şumaxerə çatdı

Almaniyanın Nürburqrinq trasında Ayfel Qran-prisi keçirilib.

Autoinfo.az-ın məlumatına görə, 60 dövrəlik mübarizənin qalibi adını karyerasında 91-ci dəfə "Mercedes" pilotu Lüis Hemilton olub. Bununla da böyük britaniyalı sürücü qələbə sayında almaniyalı 7 qat dünya çempionu Mixael Şumaxerlə bərabərləşib.

İkinci yeri "Red Bull"dan Maks Ferstappen tutub. Üçlüyü "Renault" pilotu Daniel Rikkardo qapayıb. Bu, "Renault"un çempionata qayıdışından sonra ilk podiumu əldə edib. 

Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib. Çıxışını yarımçıq başa vuranlar arasında "Mercedes"in digər üzvü Valtteri Bottas da olub. Finlandiyalı pilot təsnifat mərhələsinin qalibi olsa da, əsas yarış vaxtı 18-ci dövrədə texniki nasazlıq üzündən mübarizəni davam etdirə bilməyib. 

Beləliklə, Hemilton 11 Qran-prinin yekununda xalını 230-a çatdıraraq, ən yaxın izləyicisi Bottası 69 xal geridə qoyub. Üçüncü yerdə 147 xalla Ferstappen qərarlaşıb. Konstruktorların mübarizəsində "Mercedes" 391 xalla birinci, "Red Bull" 211 xalla ikinci, "Racing Point" 120 xalla üçüncü yerdə gedir.   

RƏY BİLDİRİN