Qəza və yenə Hemilton - VİDEO

"Mercedes" komandasının pilotu Lüis Hemilton "Formula 1" üzrə Toskana Qran-prisinin qalibi olub. 

Autoinfo.az-ın məlumatına görə, britaniyalı sürücü karyerasında 90-cı qələbəsinə imza atıb. O, almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlamaq üçün daha bir Qran-pridə qalib olmalıdır. 

Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull"un tailandlı sürücüsü Aleksander Albon üçüncü yeri tutub. Albon karyerasında ilk dəfə podiuma qalxıb. 

Bu, "Ferrari" üçün 1000-ci Qran-pri olsa da, komandanın pilotlarından monakolu Şarl Lekler səkkizinci, almaniyalı Sebastyan Fettel doqquzuncu yeri tutub. 

Yarış iki dəfə qəza ilə əlaqədar qırmızı bayraqlarla dayandırılıb və finişə 20 pilotdan 12-si çata bilib. İki dəfə qırmızı bayraqla mübarizənin dayandırılma halı sonuncu dəfə 2016-cı il Braziliya Qran-prisində olub. 

Bugünkü Qran-pridə qəzalardan biri kütləvi olub. İrəlidə gedənlərin birdən-birə sürətlərini azaltmaları arxadakıların vaxtında reaksiya verməmələri ilə nəticələnib. Nəticədə "Alfa Romeo"dan Antonio Covinatsi "Haas"dan Kevin Maqnussenə çırpılıb, arxadan isə onların üzərinə "McLaren"dən Karlos Saynsın bolidi uçub. İnsidentin daha bir iştirakçısı isə "Williams"dan Nikolas Latifi olub. Araşdırmadan sonra stüardlar pilotlardan heç birini cəzalandırmayıblar və birdən-birə 12 pilota xəbərdarlıqla kifayətləniblər. Onların arasında Bottas olmayıb.   

Qeyd edək ki, doqquz mərhələdən sonra ümumi hesabda Lüis Hemilton 190 xalla liderdir. Valtteri Bottas 135 xalla ikinci, "Red Bull"un üzvü Maks Ferstappen 110 xalla üçüncüdür. Növbəti mərhələ 25 - 27 sentyabrda Rusiyanın Soçi şəhərində keçiriləcək. 

     

RƏY BİLDİRİN