Sürücü qadın peşmandır - VİDEO

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən videogörüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyindən Autoinfo.az-a bildirilib ki, həmin görüntülər dərhal araşdırılıb. Sürücü İranə Əhmədova və 2 rəfiqəsinin Xəzər rayonu, Mərdəkan qəsəbə sakinləri olduqları müəyyənləşib.

O da üzə çıxıb ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdır və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyır və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, polis əməkdaşları saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd ediblər.

RƏY BİLDİRİN