Azərbaycanın avtomobil idmanı və mühiti barədə...

Elşən MƏMMƏDOV

Bir il əvvəl Azərbaycan Qran-prisi ərəfəsində AutoCity.az saytını ərsəyə gətirdik. Əsas məqsədlərdən biri bu idi ki, avtomobil həvəskarlarını avtomobil idmanına sövq etməklə, onların da içərisindən Azərbaycanı beynəlxalq arenada təmsil edə biləcək idmançıların ortaya çıxarılmasına dəstək olaq. Çünki bu, ölkədə inkişaf etməyən, uğurları olmayan, adicə daxili çempionatı belə keçirilməyən növdür. Amma əvəzində Bakı "Formula 1" kimi nüfuzlu idman yarışına ev sahibliyi edir.

"Formula 1" üzrə Qran-prilər paytaxtda 2016-cı ildən keçirilir, hər il bir ayadək mərkəzi küçələrin bağlı qalmasının, maşınların saatlarla tıxaclarda kilidlənməsinin səbəbkarıdır. Amma "Formula 1" olmasın, ən aşağı səviyyəli beynəlxalq yarışlarda belə Azərbaycanı təmsil edəcək idmançı yoxdur, yetişdirilmir. Yeganə faydası ölkəyə turist axınıdır ki, bu sahədə artımın ildən-ilə baş verdiyini etiraf etməliyik. İndi isə "Formula 1"in nəinki Bakı mərhələsinin, ümumiyyətlə, bu növ üzrə dünya çempionatının təşkili böyük sual altındadır. Azərbaycan Qran-prisi təxirə salınıb, oktyabrda baş tutacaq, ya yox, bilinmir. Baş tutacaqsa belə, xaricdən gələn olacaqmı, pandemiya təhlükəsi buna imkan verəcəkmi?

Digər əsas məqsədimiz dünyanın və ölkənin avtomobil sektoruna diqqət yönəltməkdən ibarət idi. Araşdırma və təhlillərdən sonra nələri üzə çıxardıq? Məlum oldu ki, Azərbaycanda avto-jurnalistika elə avtomobil bazarı kimi monopoliyadadır. Yəni, bir qrup avtomobil distributörü var, insanlara dəyərindən qat-qat baha avtomobil sırımaqla məşğuldur. Onlar sosial məsuliyyətin nə demək olduğunu anlamırlar, əksəriyyətinin hansısa sosial aksiyada, idman tədbirlərində iştirakını görməzsən. Səbəbini soruşanda "Pulumuz yoxdur", işləməyə imkan vermirlər" deyərlər.

Onların iç üzlərini son hadisələr bir daha açdı. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ya pul ödəmədilər, ya da ödədikləri vəsait o qədər gülünc məbləğdə oldu ki, ondansa heç ödəməmələri daha yaxşı olardı. Həmin o gülünc məbləği ödəyən "Rotary Motors" ötən yay bizi məhkəmə ilə hədələyirdi. Təklif edirdilər ki, avtomobillərini kampaniya adı ilə camaata dəyərindən qat-qat baha məbləğə sırımaq istəmələri barədə tənqidi yazımızı saytdan çıxaraq, sonra da bizimlə reklam əməkdaşlığına başlasınlar.

Onlara təkcə servis mərkəzlərində qazandıqları pul kifayət edər, nəinki satdıqları maşınların qazancı. İnanılmaz dərəcədə böyük vəsaitlər əldə edirlər. Hətta devalvasiyadan sonra da maşınların qiymətlərində endirim etmədilər. Təqdimat mərasimlərində isə təqdimatdan başqa hər şey olurdu. Tam israfçılıq, xaricdən gətirilən model qızlar və müğənnilər, içki məclisi və s. Sanki dünən "ağlayan" bunlar deyildi, indi isə göz yaşları o spirtli içkilərdən süzülür.

Bu şirkətlərin əskəriyyəti sosial aksiya nədir, heç mediada da reklam verməzlər. İşlədikləri bir neçə jurnalist var, dar çevrəyə alınıblar. O çevrəyə əlavə heç kim daxil ola bilməz.

Bir sözlə, Azərbaycanda avtomobil sahəsi və jurnalistikası tam monopoliya şəraitində fəaliyyət göstərir. Belə bir mühitdə avtomobil həvəskarları üçün sayt açıb nəyəsə nail olmaq çox çətindir. Yalnız özünün həvəsin olmalıdır ki, yazılar yazasan. Onu da ilk günlərdən edirdik. İdmançılarla müsahibələr, yeni avtomobillər barədə məlumatlar, avtomobil bazarındakı problemlərin araşdırması və təhlili kimi bir çox layihələri, "Formula 1"lə bağlı oxucular üçün müsabiqələri sevə-sevə həyata keçirmişdik. Amma avtomobil şirkətləri belə saytlara yox, öz adamlarına reklam verməklə məşğuldurlar.

Onlar distributörü olduqları avtomobil şirkətləri ilə danışıb, Azərbaycanda da istehsalına nail olmaq istəməzlər. Çünki onlara ölkənin pullarını xaricdən avtomobil gətirməyə xərcləyib dəyərindən qat-qat baha qiymətə satmaq sərf edir. Səbəbini soruşanda da gömrüyü, vergini bəhanə edərlər. Hətta gömrük və vergi sahəsində islahatlar aparıldıqdan sonra da belə...

Hər şeyə rəğmən, fəaliyyətimizi yenə davam etdirəcəyik. Avtomobil həvəskarları üçün saytın belə mühitdə 1 yaşa çatmasının özü də hardasa uğurdur. Ölkədə aparılan islahatların avtomobil sektoruna da çatacağı ümidi ilə...

RƏY BİLDİRİN